CƏMİYYƏT
Altı ay ərzində fərdi uçot sisteminə qeydiyyata düşən sığortaolunanların sayı 98 min 995 nəfər artıb
Bakı, 13 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 98 min 995 nəfər artaraq 3 milyon 279 min 149 nəfərə çatıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sığortaolunanlardan 30 yaşadək olanlar 684 min 140 nəfər (20,8 faiz), 30-40 yaşında olanlar 826 min 243 nəfər (25,2 faiz), 40-50 yaşında olanlar 659 min 202 nəfər (20,1 faiz), 50-60 yaşında olanlar 692 min 240 nəfər (21,1 faiz) təşkil edir. Digərləri isə 60 yaşdan yuxarı olan şəxslərdir. Sistemdə fərdi şəxsi hesabı olanların 1 milyon 946 min 89 nəfəri (59,3 faiz) kişilərdən, digərləri qadınlardan ibarətdir.
Fərdi uçot sistemi Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olmaqla, əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Bu sistem vasitəsilə vətəndaşların gələcək pensiya təminatı məqsədilə onların fərdi hesablarına pensiya kapitalının toplanması təmin olunur.
Sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalına mütəmadi nəzarət edə bilmələri üçün nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti fəaliyyət göstərir.