CƏMİYYƏT


Altı ayda 11 minədək əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı istiqamətində cari ildə də məqsədyönlü işlər aparılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin ilk yarımilində bərpa mərkəzlərində əlilliyi olan 10 min 946 şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlərin göstərilməsi təmin olunub. Həmin şəxslərdən 3 min 891-i bərpa mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçiblər. Əlilliyi olan 7 min 55 nəfərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri göstərilib. Bundan əlavə, onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib. Bununla yanaşı, cari ilin ötən dövründə bu təbəqədən olan 105 nəfərin xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.

Nazirliyin əlilliyi olan şəxslər üçün ölkənin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin müəssisələrdə müasir reabilitasiya şəraitinin yaradılması istiqamətində mühüm addımlar atılır. Ötən ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası işlərinin aparılması üçün ən müasir tələblərə cavab verir.

Hazırda bir sıra bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.