CƏMİYYƏT
Altmış doqquz ağacın məqsədli şəkildə məhv olunmasına görə 57360 manat cərimə tətbiq edilib
Bakı, 9 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Binəqədi rayon sakini İnna Kuzneçova tərəfindən Biləcəri qəsəbəsində yerləşən “Bulaq” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı diametri 20-44 santimetr olan 67 Eldar şamının quruköküstə vəziyyətdə olduğu, iki ağacın isə kəsilmiş kötükləri aşkar edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə onların dibindən torpaq nümunələri götürülüb. Bu zaman torpaq səviyyəsindən 5 santimetr dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 santimetr enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə kristallaşdırılmış NaCl duzu tökülərək məqsədli şəkildə məhv edildiyi məlum olub. Araşdırma zamanı Biləcəri Bələdiyyəsinin 15 avqust 2005-ci il tarixli 15 nömrəli icarə müqaviləsi ilə yaşıllıqdan ibarət olan 9503,3 kvadratmetr torpaq sahəsinin Eldar Quliyevə uzunmüddətli icarəyə verildiyi və eyni zamanda həmin əraziyə nəzarət edilmədiyi məlum olub. Faktla bağlı “Bulaq” restoranının sahibi E.Quliyev barəsində akt tərtib olunub və yaşköküstə 69 ağacı məqsədli şəkildə məhv etdiyinə görə ona 57360 manat məbləğində ziyan tətbiq edilib. Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində ən ciddi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.