CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 40 nəfər əlilliyi olan şəxsi istirahətə göndərdi

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Əlilliyi olan şəxslərə bütün sahələrdə bərabər imkanların yaradılması, onların dolğun həyat şəraitinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərdən biri də onlara ölkəmizin səfalı guşələrində istirahət imkanlarının yaradılmasıdır. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin təbəqədən olan 40 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan vətəndaşların yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov ölkəmizdə əlilliyi olan bütün şəxslərin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqlarını vurğulayıb. V.Behbudov onların pensiya və sosial müavinətlərlə, habelə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin, əmək pensiyası almaq hüququ olmayan birinci qrup əlillərin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin edildiklərini, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını diqqətə çatdırıb. O, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası, bərpa-müalicə sisteminin təkmilləşdirilməsi, onların sosial xidmətlərlə təminatı yönündə aparılan işlərdən də bəhs edib: “Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, cari ildə 830 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahəti təşkil olunub. Qarşıdakı dövrdə də bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”.

Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına, maddi və mənəvi tələbatlarının ödənilməsinə, habelə yaz-yay mövsümündə istirahətlərinin təşkilinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.