CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə sayı 21,5 faiz artıb
Bakı, 3 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhali üçün aktual olan bütün xidmət sahələrinin avtomatlaşdırılması "Elektron hökumət" portalında əmək və sosial müdafiə sistemi üzrə geniş elektron xidmətlər şəbəkəsinin formalaşmasına, əhalinin həmin sahələr üzrə şəffaf xidmətlərlə təminatı səviyyəsinin yüksəlməsinə səbəb olub. Təsadüfi deyil ki, "E-hökumət" portalına müraciətlərin mühüm bir hissəsi məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə yönəlib. Bunun növbəti göstəricisi kimi, cari ilin aprel ayında vətəndaşlar nazirliyin e-xidmətlərindən 637674 dəfə faydalanıblar ki, bu da həmin dövrdə "E-hökumət" portalı üzrə ümumi istifadənin 33 faizə qədərini təşkil edib.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Ötən ay əhali nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən 223012 dəfə, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 185006 dəfə, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 43533 dəfə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 42216 dəfə yararlanıblar. Bunlar, eləcə də nazirliyin “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Pensiya kalkulyatoru” və digər bir sıra e-xidmətlərindən əhali geniş şəkildə istifadə edir.
Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təqdim olunan 25 e-xidmətdən təxminən 50 faizi bu gün ən çox müraciət edilən e-xidmətlər sırasındadırlar. Bununla belə, nazirliyin “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “Pensiyaçıya məlumatların verilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və s. e-xidmətlərindən faydalananların sayı da artmaqda davam edir.
Apreldə ötən ayla müqayisədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən istifadə sayı 21,5 faiz çoxalıb.