CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi naziri Lerikdə 5 rayonun sakinlərini qəbul edib

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerikdə bu rayonla yanaşı, Lənkəran, Astara, Yardımlı və Masallı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, imtiyazlı şəxslərin mənzillə təmin olunması, onların müalicəsinə kömək göstərilməsi, əmək pensiyası hüququnun müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi və s. kimi məsələlərlə bağlı vətəndaşların müraciətləri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin normal qaydada davam etdirildiyini, keçən il və cari ilin ötən dövründə bu təbəqələrə aid 500-dək şəxsə yeni mənzil təqdim ediliyini nəzərə çatdırıb: “Hazırda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarında da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 30 fərdi yaşayış evi tikilir və ilin sonunadək bu rayonlarda daha 13 evin inşasına başlanacaq”.

Qəbul zamanı müraciətlərə uyğun olaraq ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin edilməsi üçün yerindəcə tədbirlər görülüb, onlara təklif edilmiş boş (vakant) iş yerləri sırasından seçdikləri iş yerlərinə göndərişlər verilib. S.Müslümov nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin hazırda sakinlərini qəbul etdiyi rayonları da əhatə etdiyini diqqətə çatdırıb: “Belə ki, cari ilin ilk yarımilində məşğulluq orqanları tərəfindən bu rayonlar üzrə 2810 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, habelə ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunublar”.

Nazir bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, ölkədə güclü sənaye kompleksinin formalaşdırılması və torpaqlardan səmərəli istifadə şəraitində kənd təsərrüfatında ixrac yönümlü məhsul istehsalının artırılması istiqamətində aparılan uğurlu islahatlar bu bölgənin əmək bazarında da inkişaf meyillərini əhəmiyyətli şəkildə gücləndirəcək. Bu amillər, eyni zamanda, ikinci sənaye zonasının Masallı şəhərində yaradılması bölgədə əmək resurslarından tam və səmərəli istifadənin təmin olunmasında növbəti mühüm irəliləyişlərə yol açacaq.

S.Müslümovun tapşırığına uyğun olaraq ayrı-ayrı şəxslər müraciətlərinə əsasən nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar. Qəbul zamanı Lerik rayonundan iki nəfər vətəndaşın müraciətlərində əksini tapan məsələ yerindəcə həll olunaraq, onların sağlamlıq imkanları məhdud 18 yaşadək övladlarına əlil arabası verilib. Həmçinin bir nəfər şəxsin əmək hüquqlarının müdafiəsi üçün müvafiq araşdırma aparılması tapşırılıb. Bir sıra vətəndaşların müraciətləri sorğu xarakteri daşıdığından onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.

Qəbula gələn insanlar sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, eyni zamanda, regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən fəal və səmərəli dövlət siyasətinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.