CƏMİYYƏT
Amerika alimləri yaddaşı yaxşılaşdırmağın sadə yolunu tapıblar
Bakı, 4 avqust, AZƏRTAC
Zehnin işdən dərhal sonra yaddaşın yaxşılaşdırılması üçün idmanın müəyyən növləri ilə məşğul olmaq kifayətdir.
AZƏRTAC “The Daily Mail” nəşrinə istinadla xəbər verir ki, bu nəticəyə Şimali Florida Universitetinin alimləri gəliblər.
Könüllülərə təcrübə üçün rəqəmlər sırasını yadda saxlamaq təklif edilib. Sonra hər qrup təklif olunan fəaliyyət növlərinin biri ilə məşğul olub. Daha sonra könüllülər rəqəmləri əks sıra ilə təkrar etməli olublar.
Birinci qrup ayaqyalın qaçaraq müxtəlif sədləri aşmaqla maneələr zolağından keçib. İkinci qrup yoqa ilə məşğul olub, üçüncü qrup mühazirəyə qulaq asıb. Bu məşğələlər iki saat davam edib. Maneələr zolağından keçən birinci qrupun göstərdiyi nəticələr digər qruplardan 50 faiz yüksək olub.
Amerika mütəxəssislərinin fikrincə, maneələr zolağı proprioseptiv bacarığı inkişaf etdirir, insana hərəkətlərini planlaşdırmağı və sonra onları təcrübədə tətbiq etməyi öyrədir.