DÜNYA
Angela Merkel qaçqınlar məsələsində Türkiyəyə kömək barədə
Berlin, 6 fevral, AZƏRTAC
Almaniyanın federal kansleri Angela Merkel cümə günü Londondakı çıxışında vurğulayıb ki, Avropa İttifaqı tərəfindən Türkiyənin dəstəklənməsi Suriyada atəşin tezliklə dayandırılacağından, yoxsa bu ölkədən Türkiyəyə “yenidən 100-200 min qaçqın gəlməsindən” asılıdır. Kansler daha sonra əlavə edib ki, Ankaraya kömək həm də Türkiyədəki vəziyyətdən asılıdır.
Gözlənildiyinə görə Merkel fevralın 8-də Ankaraya səfər edəcək.
Bu ərəfədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə indiyə qədər təxminən 2,5 milyon suriyalı qaçqın qəbul edib. Baş nazir daha sonra deyib ki, Hələb şəhəri yaxınlığında Suriyanın hökumət qoşunlarının və Rusiya aviasiyasının zərbələrdən sonra minlərlə suriyalı Türkiyəyə üz tutub.
Avropa İttifaqının üzvü olan ölkələr Ankaraya 2 milyard avro ayrılması barədə razılığa gəliblər. Avropa Komissiyası bildirib ki, Aİ büdcəsindən daha 1 milyard avro daxil olacaq. Bu pullar hesabına Türkiyə ərazisində olan suriyalı qaçqınların vəziyyətini yaxşılaşdırmaq nəzərdə tutulur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin