İDMAN
Anna Əlimərdanova: Avropa Oyunlarında özümü hələ tam göstərməmişəm VİDEO
Bakı, 23 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
Döyüşüm cəldlik üzərində qurulmuşdu. Oyunda hiyləgər fəndlərdən də istifadə etmək lazım idi. Qələbə qazanmaq üçün hər ikisindən istifadə etdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində boks üzrə yığmamızın üzvü Anna Əlimərdanova deyib.
54 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu finalda bolqarıstanlı dünya və Avropa çempionu Stanimira Petrovaya qalib gələrək, yarımfinal mərhələsinə yüksəlib.
"Mən çox sevinirəm ki, ən azı bürünc medalı təmin etmişəm. Bununla da qarşıma qoyulan minimum tapşırığı yerinə yetirdim. Amma əlbəttə ki, bununla kifayətlənmirəm",- deyən A.Əlimərdanova hər bir döyüşə özünəməxsus yanaşdığını qeyd edib. Təmsilçimiz, həmçinin əlavə edib ki, döyüşəcəyi rəqiblərinin fəndləri və taktikaları ilə əvvəldən tanış olur.
İdmançımız yarımfinalda rəqibindən revanşı almaq arzusunda olduğunu da vurğulayaraq deyib: "Yarımfinaldakı rəqibim rusiyalı Yelena Savelyeva ilə əvvəllər qarşılaşmışdım. Bərabər oyun getsə belə, hakimlər heyəti qələbəni ona vermişdi. Avropa Oyunlarında yalnız qələbəyə köklənmişəm. Burada hələ özümü tam göstərməmişəm. Ümidvaram ki, Allahın köməyi ilə Savelyevaya qarşı növbəti döyüş mənim xeyrimə bitəcək".
A.Əlimərdanova 60 kq çəki dərəcəsində mübarizə aparan bacısı Yana barədə də fikirlərini bölüşərək deyib: "Mənim kumirim bacımdır. O da artıq Avropa Oyunlarında yarımfinala vəsiqə qazanıb. Atam, eyni zamanda, məşqçim və bacımdan çox şey öyrənirəm. Bacım mənim çox fəndlərdə ən yaxın köməkçimdir".