CƏMİYYƏT
Antikorrupsiya Yay Məktəbinin açılışı olub
Bakı, 26 avqust, Məhərrəm Əlioğlu, AZƏRTAC
Avqustun 26-da Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) Antikorrupsiya Yay Məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən AZAKA-nın keçid qrupunun üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov akademiyanın bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyini deyib. Vüsal Hüseynov bildirib ki, həmin fəaliyyət istiqamətlərindən biri də antikorrupsiya sahəsinə maraq göstərən şəxslər üçün yay məktəbi formatında olan məktəblər olacaq. Burada korrupsiya ilə mübarizə metodları, təcrübələr müzakirə ediləcək. Bu, Akademiyanın ilk yay məktəbidir. Məktəbə kifayət qədər böyük maraq var. Yay məktəbinə 35 iştirakçı müsabiqə əsasından seçilib. Bunlar respublikanın müxtəlif regionlarından olan gənclərdir. Ümid edirəm ki, bu təlim gözləntiləri doğruldacaq, bu sahədə müəyyən biliklərin qazanılmasına şərait yaradacaq.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü Əli Hüseynli Azərbaycan Antikorrupsiya Akademiyasının bu təşəbbüsünün heç də təsadüfi olmadığını deyib. Bildirib ki, korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu, elə bir problemdir ki, davamlı öyrənilməlidir. Bu baxımdan Antikorrupsiya Akademiyasının Yay Məktəbini keçirməsi çox əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev və QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək yay məktəbinin əhəmiyyətindən danışıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.
Sonra yay məktəbi panel iclasları ilə davam edib.
Yay məktəbi avqustun 28-də başa çatacaq.