ORDU
Aprel döyüşləri ilə əlaqədar Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilir
Bakı, 4 aprel, AZƏRTAC
Aprel döyüşlərinin birinci ildönümü ilə əlaqədar Silahlı Qüvvələrdə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” devizi altında silsilə hərbi-vətənpərvərlik tədbirləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər bir sıra şəhər və rayonlarda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində, klub və kitabxanalarda təşkil olunur.
Hərbi-vətənpərvərlik tədbirləri ilə əlaqədar təsdiq edilən planda Müdafiə Nazirliyi rəhbərliyinin, döyüş iştirakçılarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarlarının ziyarəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprel döyüşləri haqqında tezislərindən irəli gələn tələblərin şəxsi heyətə aşılanması və mövzuya dair məşğələlərin təşkili nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin, professor, müəllim və tələbə heyətinin hərbi qulluqçularla görüşlərinin, elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin iştirakı ilə “Aprel döyüşlərinin hərb tariximizdə yeri və əhəmiyyəti” mövzusunda seminarın, anma mərasimlərinin, “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır.
Bundan əlavə, hərbi nəşrlərdə aprel döyüşlərinə dair silsilə materiallar dərc edilir. Habelə “Aprel döyüşləri - ruhumuzun qələbəsidir” silsiləsindən “Lələtəpə” kitabının təqdimatı, Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının “Aprelin dörd günü” sənədli filminin nümayişi, şəhid övladlarının və xarici tələbələrin cəbhəboyu zonaya səfərləri və digər kütləvi hərbi-vətənpərvərlik tədbirlər təşkil olunur.