CƏMİYYƏT
Arif Əliyev: qanunazidd əməllərin din pərdəsi altında törədilməsi daha təhlükəlidir
Bakı, 28 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanda mövcud olan təhlükəsizlik və sabitlik mühiti insanların gələcəyə inamını daha da artırıb. Bu, bütün sahələr üzrə inkişafı, əmin-amanlığı şərtləndirən əsas amillərdəndir. Ona görə də razı ola bilmərik ki, kimsə bu sabitliyi pozsun, ölkəmizin tolerant imicinə zərbə vursun. Bu mənada bir qrup silahlı ekstremistin törətdiyi qanlı hadisə hamımızı narahat edir. Xüsusən qanunazidd əməllərin din pərdəsi altında törədilməsi daha təhlükəlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri paytaxt sakini, ziyalı Arif Əliyev Nardaran qəsəbəsində baş verən hadisələrə münasibət bildirərkən deyib. Qeyd edib ki, o da hamı kimi dövlətin bu təhlükənin qarşını almaq istiqamətində gördüyü qətiyyətli tədbirləri dəstəkləyir.
A.Əliyev vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs hər bir vətəndaşın həyat şəraitinin və sosial rifahın yaxşılaşdırılmasına yönəlib. Azərbaycanın uğurlarını gözü götürməyən antimilli dairələr xarici himayədarlarının dəstəyi ilə ölkədə silahlı qarşıdurma yaratmağa, vətəndaş həmrəylini pozmağa cəhd edirlər. Nardaranda baş vermiş qanlı hadisə radikal ünsürlərin əsl simasını bir daha ortaya qoydu. İnsanlar onların itaətsizliyə, dövlətçilik əleyhinə yönələn fitnəkar çağırışlarına uymadılar və uymayacaqlar. Çünki xalq öz dövlətinə sadiqdir, Prezidentinə inanır və onun ətrafında sıx birləşib. Azərbaycan xalqının taleyi etibarlı əllərdədir.