İQTİSADİYYAT
Əsassız qiymət artımına görə daha bir market cəzalandırıldı
Bakı, 27 fevral, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 56 ünvanında fiziki şəxs Xalid Ağayevə məxsus “Red” marketdə yoxlama aparıb.
İqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.
İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.