İQTİSADİYYAT
Asiya İnkişaf Bankı: Bakıda keçiriləcək illik toplantıda inkişaf üzrə əməkdaşlıq məsələlərinə diqqət yetiriləcək
Bakı, 2 aprel, AZƏRTAC
Mayın 2-5-də Bakıda Heydər Əliyev Mərkəzində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3 minə yaxın hökumət rəsmiləri, iş adamları, investorlar, jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək.
AİB-in Bakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, illik toplantının mövzusu "İnkişaf uğrunda əməkdaşlığın gücləndirilməsi" olacaq.
Cənubi Qafqazda ilk dəfə keçiriləcək bu görüşdə region və Mərkəzi Asiya üzrə əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi panel müzakirələrin birində diqqət mərkəzində olacaq.
Toplantıda Asiya və Sakit okean regionunun inkişaf potensialı müzakirə ediləcək, iqtisadi inkişafın qorunub saxlanılması və gələcəkdə yoxsulluq səviyyəsinin azaldılmasına yardım məqsədilə öz iqtisadi inkişaf modellərini dəyişkən daxili və xarici mühitə uyğunlaşdırmağa çalışan ölkələr tərəfindən yürüdülən siyasətə də nəzər salınacaq.
Beynəlxalq Valyuta Fondu maliyyə sektorunun inkişafı ilə bağlı panel müzakirələrə birgə ev sahibliyi edərkən ikinci dəfə həyata keçirilən Asiyanın iqtisadi görünüşü haqqında beynəlxalq yayım şirkəti olan CNBC TV müzakirələr yayımlayacaq. Özəl infrastrukturun maliyyələşdirilməsi Dünya İqtisadi Forumunun birgə seminarının diqqət mərkəzində olacaq.
Digər panellərdə dövlət-özəl tərəfdaşlığı üçün düzgün mühitin təmin edilməsi; inkişaf səmərəliliyi; inkişaf edən Asiya şəhərlərini iqlim dəyişikliklərinə daha dayanıqlı və həyat üçün yararlı etmək; hərtərəfli səhiyyə xidmətləri ilə əhatə; gender bərabərliyi və innovasiya məsələləri üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, Manilada yerləşən AİB iqtisadi inkişaf, ətraf mühitin davamlı inkişafı və regional inteqrasiya da daxil olmaqla Asiya və Sakit okean regionu üzrə yoxsulluğun azaldılmasına çalışır. 1966-cı ildə təsis olunan qurum region üzrə 48 olmaqla 67 üzvdən ibarətdir.