CƏMİYYƏT
Asiyada aerozol tullantıları onların inkişaf etmiş ölkələrdə istehlakı ilə bağlıdır
Bakı, 8 sentyabr, AZƏRTAC
Şərqi Asiyada havanın çirklənməsi Qərbi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələrində istehlak ilə çox əlaqədardır. Kanadanın Makqilla Universitetinin dəstəyi ilə professor İ Xuanın rəhbərliyi altında aparılan tədqiqatın müəllifləri bu nəticəyə gəliblər.
AZƏRTAC “gismeteo.ru” saytına istinadla xəbər verir ki, “Nature Geoscience” jurnalında dərc edilən məqalədə İ Xuan və onun Çin, ABŞ və Böyük Britaniyadan olan həmkarları hesab edirlər ki, beynəlxalq ticarət aerozolların iqlimə təsir zonasını dəyişir, onları istehlakçı ölkədən istehsalçı ölkəyə yönəldir.
Karbon 4-oksid kimi istixana qazlarından fərqli olaraq, sənaye istehsalı və ya bərk yanacaq növlərinin yandırılması nəticəsində atmosferə buraxılan aerozollar, bir qayda olaraq, orada nisbətən az – bir neçə gündən bir neçə həftəyədək qalır. Məhz buna görə onların iqlimə təsiri, istehsal regionunda daha çox hiss olunur. Professor Xuanın sözlərinə görə, bu tədqiqat aerozolların istehlakı, ticarəti, ətraf mühit və iqlim üçün fəsadları arasında güclü, lakin indiyə qədər etiraf edilməyən qarşılıqlı əlaqənin olmasından xəbər verir. Aerozollar atmosferdə günəş şüalarını seyrəkləşdirir və udur, bununla da “radiasiya qızması” adlı iqlim dəyişikliyinə səbəb olur. Bəzi aerozollar, məsələn, sulfatlı olanlar soyuducu təsir, karbonado kimi aerozollar isə əksinə, qızdırıcı təsir göstərir.
Əvvəlki tədqiqatlar aerozolların yenidən bölüşdürülməsində beynəlxalq ticarətin rolunu təsdiq edib. Lakin onların iqlimə təsiri indiyədək qiymətləndirilməyib.