MƏDƏNİYYƏT


Astanada İkinci Avrasiya Beynəlxalq kitab sərgisində Milli Qurtuluş Gününə həsr olunan guşə nümayiş olunur VİDEO

Astana, 16 iyun, АZƏRTAC

Astanada İkinci Avrasiya Beynəlxalq kitab sərgisi keçirilir. Sərgidə ölkəmizdə son illər müxtəlif mövzularda nəşr olunan kitablar nümayiş edilir.

Tədbirin açılış mərasimində çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdukalikova bildirib ki, sərgiyə ildən-ilə maraq artır.

Azərbaycan stendinə xüsusi maraq göstərən G.Abdukalikova ölkəmizə səfəri zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva və digər rəsmi şəxslərlə görüşlərini xatırladıb. O, Azərbaycanın ən inkişaf etmiş ölkələrdən biri olduğunu qeyd edərək, ölkəmizin qədim tarixindən və zəngin mədəniyyətindən söhbət açıb.

Milli Qurtuluş Gününün xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlətin bünövrəsinin qoyulduğu gün olduğunu qeyd edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri, milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladığını diqqətə çatdırıb.

Bildirilib ki, Heydər Əliyev Fondunun nəşrlərindən ibarət hissədə isə xalqımızın maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb.

Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi sərgi çərçivəsində səfirliyimizin xüsusi təşkilatçılığı ilə Azərbaycan guşəsində 100-dən çox kitab və jurnal nümayiş olunur.

15 iyun - Milli Qurtuluş Gününə həsr olunan guşədə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən nəşrlər üstünlük təşkil edir.

Azərbaycan stendi ilə tanış olan qazaxıstanlı alimlər burada ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, eləcə də çağdaş ədəbiyyat nümayəndələrinin kitabları ilə maraqlanıblar.

Sərgidə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qazax dilində nəşr olunan əsərləri, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun müəllifi olduğu kitablar, ölkəmiz haqqında rus və qazax dillərində ensiklopedik təyinatlı jurnal və digər nəşrlər də mühüm yer tutub.

Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmizin tarixi, xalçaçılıq və turizm potensialı ilə bağlı jurnal və broşürlər paylanılıb.

Sərgi çərçivəsində Azərbaycanın xalçaçılıq tarixi, ənənələri, ölkəmizdə istehsal olunan çay məhsulları orijinal təqdimatda nümayiş olunacaq.

Sərgi iştirakçıları Azərbaycan rəqslərini canlı şəkildə izləmək imkanı da əldə edəcəklər.

İkinci Avrasiya Beynəlxalq kitab sərgisi üç gün davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.