CƏMİYYƏT
Astanada “Ortaq türk ədəbiyyatı” dərsliyinin konsepsiyası müzakirə olunub
Astana, 6 oktyabr, AZƏRTAC
Astanada, Beynəlxalq Türk Akademiyasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Elmlər Akademiyaları Birliyinin, Türk Dünyası Ədəbiyyat İnstitutları başçılarının iclası keçirilib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralinin sədrliyi ilə keçirilən iclasda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin TDƏŞ-ə üzv ölkələrin Astanada keçirilən 5-ci Zirvə görüşü zamanı verdiyi tapşırığa uyğun olaraq müzakirə edilən “Atalar irsi” elmi layihəsi və “Ortaq türk ədəbiyyatı” dərsliyi layihəsi diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Qırğızıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Abdıldacan Akmataliyev, Türk Dil Qurumunun sədri Mustafa Kaçalin, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Seyid Kaskabasov, Tatarıstan Elmlər Akademiyası Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Kim Minnullin, Qazaxıstan M.O.Avezov Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Bəlixan Kalıcanov və mətbuat nümayəndələri iştirak ediblər.
İclasda AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə ətrafında Qırğızıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdildacan Akmatalıyev, Türkiyə Dil Qurumunun rəhbəri, professor Mustafa Kaçalin, Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universiteti ədəbiyyat kafedrasının müdiri, akademik Seyid Kaskabasov, Tatarıstan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Sənət İnstitutunun direktoru, professor Kim Minullin və Qazaxıstan Elm və Təhsil Nazirliyinin Ədəbiyyat İnstitutunun direktoru, professor Ualixan Kalicanov çıxış edərək türk xalqları ədəbiyyatı tarixinin təqdim olunan dövrləşdirilməsi konsepsiyasına dair fikir və mülahizələrini bildiriblər.
Geniş müzakirələrdən sonra akademik İsa Həbibbəylinin təklif etdiyi türk xalqlarının min ildən çox dövrü əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks etdirən altı mərhələ üzrə dövrləşdirilməsi haqqındakı prinsiplər məqbul hesab edilib.
Bundan başqa, Türk dünyası Ədəbiyyat institutları direktorlarının iclasında Beynəlxalq Türk Akademiyasının nəşrini nəzərdə tutduğu “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk on cildinin müzakirəsi keçirilib. Müzakirələr nəticəsində birinci on cildə daxil olan türk dillərində yazılmış ortaq əsərlər müəyyən olunub və həmin əsərlərin çapa hazırlanması haqqında qərarlar qəbul edilib. Mahmud Kaşqarinin “Divani-lüğət-it Türk”, Yusif Balasaqunlunun “Kudatku-bilik” və Orxon-Yenisey kitabələrinin Türkiyə Dil və Kültür Qurumları, Əlişir Nəvainin əsərlərinin Özbəkistan Elmlər Akademiyası, “Manas” dastanının Qırğızıstan Elmlər Akademiyası, Xoca Əhməd Yəsəvinin “Divani-hikmət” əsərinin Qazaxıstan Elmlər Akademiyasının Muxtar Auezov adına Ədəbiyyat İnstitutu tərəfindən çapa hazırlanması tövsiyə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası “Ortaq Atalar Mirası” layihəsinə daxil edilmiş “Kitabi-Dədə Qorqud” dastanlarının Drezden və Vatikan nüsxələrinin çapını, “Koroğlu” dastanının və Məhəmməd Füzuli bircildliyinin nəşrə hazırlanmasını öz üzərinə götürüb.
Sonda Türkdilli respublikaların Ədəbiyyat institutları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib. Memorandumu Azərbaycan tərəfdən akademik İsa Həbibbəyli imzalayıb.
Türk dünyası Ədəbiyyat institutları direktorlarının növbəti toplantısının 2016-cı ilin yazında Kazan şəhərində keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq Türk Tarixi” dərsliyi TDƏŞ-ə üzv ölkələrin dövlət başçılarının bu il sentyabrın 11-də keçirilən 5-ci Zirvə görüşündə təqdir edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana