QAN YADDAŞI
Astara Pedaqoji Kollecində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Astara, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Pedaqoji Kollecində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə tələbələrin Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Anım mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kollecin direktoru Ağababa İbrahimov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-rus hərbi birləşmələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımının XX əsrin ən qanlı hadisələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, fevralın 25-i axşamdan başlayaraq səhər saat 5-dək toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulan Xocalı şəhəri darmadağın edilib və yandırılıb. Həmin vaxt üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər əhali şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən kəsilərək güllə-borana tutulub. İnsanların əksəriyyəti məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla məhv edilib.
Diqqətə çatdırılıb ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib.
Bildirilib ki, bu qətliamın beynəlxalq ictimaiyyətə tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir.
Kollecin müəllimləri Aynur Muradova və Xalid Məmmədov, kitabxana işçisi Xanımnisə İsayeva və tələbələr 25 il əvvəl ermənilərin Xocalı şəhərində törətdiyi vəhşilikləri pisləyərək, düşmən tapdağı altında olan torpaqlarımızın, o cümlədən Xocalı şəhərinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Mərasimdə Xocalı soyqırımından bəhs edən sənədli film, tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.