REGİONLAR
Astarada çəltik əkininə başlanılıb
Astara, 5 may, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Astara rayonunun təsərrüfatlarında çəltik əkininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Həsəni” kimi ənənəvi toxum növlərinə üstünlük verirlər.
Dövlət tərəfindən çəltik əkininə görə məhsul istehsalçılarına 100 manat məbləğində subsidiyaların verilməsi fermerlərin bu sahənin inkişafına marağını daha da artırıb.
Fermer Seyran Əliyevin sözlərinə görə, 3 hektar sahədən 4 tona yaxın məhsul götürmək mümkündür. Hazırda isə düyünün bir kiloqramı dəyirmanda 2 manat 50 qəpik-3 manatdan satılır.
Qeyd edək ki, ötən il Astara rayonunda 65 hektar sahədə çəltik əkilmişdisə, bu il əkin sahəsinin 150 hektara çatdırılması nəzərdə tutulub.