İQTİSADİYYAT
Auditorlar Palatası ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb
Bakı, 5 may, AZƏRTAC
Auditorlar Palatası və Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq sazişini Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov imzalayıblar.
Müqavilənin əsas məqsədi iki qurum arasında əməkdaşlığı genişləndirmək, mühasibat, vergi, maliyyə və audit sahələrində mütəxəssislərin biliklərinin artırılması, peşəkar kadr hazırlığına əlverişli şərait yaratmaq və birgə fəaliyyət nəticəsində Azərbaycan mütəxəssislərinin beynəlxalq sertifikasiyasını təşkil etməkdir.
Sazişin şərtlərinə əsasən Beynəlxalq Təlim və Layihə Mərkəzində Azərbaycan dilində tədris edilən Maliyyə və Mühasibatlıq, İdarəetmə Uçotu, Vergi Uçotu, Audit, habelə Beynəlxalq Maliyyə Hesabatı Standartları kurslarının nəticəsində keçirilən sertifikatlaşdırıcı imtahanlar və təlimlər məhz Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə təşkil ediləcək və imtahanlarda uğur qazanan namizədlər Auditorlar Palatası adından beynəlxalq sertifikat və diplomlarla təltif ediləcəklər.