İDMAN
“Avro-2016”: Fransa millisi yarımfinala vəsiqəni 5:2 hesablı qələbə ilə qazanıb VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 3-də futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin sonuncu qarşılaşmasında ev sahibi Fransa yığması İslandiya millisini 5:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Sen-Denidəki “Stad de Frans” stadionunda keçirilən oyunu hollandiyalı referi Byörn Kuipers idarə edib.
Oyuna sürətli hücumlarla başlayan fransızlar matçın 12-ci dəqiqəsində istəklərinə çatıblar. Bleyz Matuidinin İslandiya yığmasının müdafiə xəttinin arxasına uzun ötürməsindən sonra zərbə mövqeyinə çıxan Oliver Jiru topu qapıya göndərib - 1:0.
İslandiyalılar bu qoldan sonra özlərinə gəlməmiş qapılarında ikinci topu görüblər. Matçın 20-ci dəqiqəsində Antuan Qrizmanın yerinə yetirdiyi künc zərbəsindən sonra Pol Poqba topu başla qapıdan keçirib - 2:0.
Qarşılaşmanın 43-cü dəqiqəsində Antuan Qrizmanın ötürməsindən sonra Dmitri Payet üçüncü topu İslandiyalıların qapısından keçirib.
Lakin bu da birinci hissədə sonuncu qol olmayıb. Matçın 45-ci dəqiqəsində qapıçı ilə təkbətək qalan Antuan Qrizman topu Halldorssonun başı üzərindən tora göndərməklə ilk hissədə İslandiya yığmasının darmadağınını rəsmiləşdirib - 4:0.
Fasilədən sonra irəli atılan islandiyalılar buraxdıqları qollardan birinin əvəzini çıxıblar. Oyunun 56-cı dəqiqəsində İslandiya yığmasının sağ cinahdan başladıqları hücumda Siqurdssonun ötürməsindən sonra Siqtorsson topu qapıya göndərib.
Lakin fransızların bu qola cavabı özünü çox gözlətməyib. İki dəqiqə sonra Payetin rəqibin cərimə meydançasına ötürməsindən sonra qapıçının səhvindən istifadə edən Oliver Jiru özünün ikinci, komandasının isə beşinci qolunu vurub - 5:1.
Oyunun sonuna doğru təzyiqləri artıran islandiyalılar ikinci topu fransızların qapısından keçiriblər. Cərimə meydançasına ötürməni Byarnason başla dəqiq tamamlayıb - 5:2.
Sonrakı dəqiqələrdə oyunda əlavə qol olmayıb və matç Fransa yığmasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, XV Avropa çempionatında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalın sonuncu iştirakçısı da müəyyənləşib. Yarımfinal qarşılaşmaları iyulun 6-da və 7-də keçiriləcək. Lion şəhər stadionunda keçiriləcək birinci yarımfinal oyununda Portuqaliya və Uels yığma komandaları finala vəsiqə uğrunda mübarizə aparacaq. Digər oyunda isə Fransa və Almaniya milliləri üz-üzə gələcək. “Avro-2016”nın final görüşü isə iyulun 10-da Bakı vaxtı ilə saat 23:00-da Sen-Denidəki “Stad de Frans” stadionunda oynanılacaq.