CƏMİYYƏT
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının “Yay hüquq məktəbi”nin açılışı olub
Bakı, 7 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyulun 7-də Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, iyulun 12-dək davam edəcək “Yay hüquq məktəbi” Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının (KQMK) dəstəyi ilə təşkil olunur.
Mərasimdə ELSA-Azərbaycan təşkilatının prezidenti Faiq Ömərov və Komissiyanın nümayəndəsi Kamal Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən danışb, iştirakçılara uğurlar arzulayıblar.
Bildirilib ki, tədbir Azərbaycan ilə yanaşı, Avropanın 16 ölkəsindən 20 gənc hüquqşünas tələbənin iştirakı ilə keçirilir. Yay məktəbində azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar tədris ediləcək, ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirləri, məhkəmə-hüquq islahatları müzakirə olunacaq. Həmçinin iştirakçıların Milli Məclisə, Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur.
Qeyd olunub ki, beynəlxalq “Yay hüquq məktəbi”nin təşkili azərbaycanlı və xarici hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakı üçün imkanlar təmin edəcək.
Həmçinin diqqətə çatdırılıb ki, ELSA-Azərbaycan təşkilatının fəaliyyəti nəticəsində ötən il ölkəmizdə bir neçə beynəlxalq və yerli tədbir təşkil edilib. Yüzdən çox azərbaycanlı hüquqşünas tələbə xaricdə beynəlxalq seminar və konfranslarda iştirak edib.
Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA 210 universitetdə təhsil alan 40 mindən artıq gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir.
Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.