CƏMİYYƏT
Avropa İttifaqının ədliyyə üzrə ekspertləri Ombudsman Aparatında olublar
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Avropa İttifaqının ədliyyə üzrə ekspertləri ilə görüş keçirilib.
Aparatın rəhbəri Aydın Səfixanlı qonaqlara Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının formalaşması, Ombudsman haqqında Konstitusiya Qanunu, müvəkkilin mandatı, səlahiyyətləri, fəaliyyət istiqamətləri, həmçinin ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, qəbul edilən sənədlər haqqında məlumat verib. Qeyd edilib ki, bu günədək ölkə Prezidenti tərəfindən 59 əfv fərmanı imzalanıb, Milli Məclis tərəfindən isə 10 amnistiya aktı qəbul edilib. Bu da minlərlə islah olunmuş şəxsin vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azaldılması, məhkumluğunun götürülməsi ilə müşayiət olunaraq insan hüquqları sahəsində islahatlara mühüm töhfə verib.
İnsan hüquqları ilə bağlı sənədlərin icrasının monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda deputatların, yerli icra hakimiyyəti, məhkəmə və digər hüquq mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən milli azlıqların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirildiyi diqqətə çatdırılıb.
Müvəkkilin Avropa İttifaqının Tvinninq, TAIEX və Şərq Tərəfdaşlığı proqramlarında fəal iştirak etdiyi, bu əməkdaşlığa böyük önəm verildiyi, yaxın vaxtlarda yeni Tvinninq layihəsinin icrasına başlanacağı qeyd edilib.
Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti qonaqlar tərəfindən yüksək qiymətləndirilib.