DÜNYA
Avropa Komissiyası miqrasiya proseduruna dəyişikliklər edilməsini və Türkiyə ilə viza rejiminin ləğv olunmasını təklif edir
Budapeşt, 5 may, AZƏRTAC
Avropa Komissiyası Aİ-də sığınacaq verilməsinə dair vahid siyasətdə islahatlar planını təqdim edib. Bu plana əsasən, mövcud Dublin sisteminə əlavə mexanizm tətbiq edilməsi nəzərdə tutulur. Avropa Komissiyasının nümayəndəsi Frans Timmermans bildirib ki, əgər Aİ üzvü olan ölkə onun ərazisində sığınacaq verilməsi barədə qeyri-mütənasib sayda çox müraciətlərlə üzləşərsə, artıq sifarişlər Avropa İttifaqının üzvü olan digər dövlətlərə verilməlidir.
Müvafiq ölkə miqrantların qəbulundan imtina etmək imkanına görə hər bir qaçqının müqabilində onu qəbul edəcək ölkəyə 250 min avro (təxminən 7 milyon kron) ödəməli olacaq. Avropa Komissiyasının bu təklifini Avropa Parlamenti, həmçinin bu variantı birmənalı şəkildə dəstəkləməyən Aİ ölkələri nəzərdən keçirəcəklər. Mayın 4-də Vışeqrad qrupunun xarici işlər nazirlərinin Praqada keçirilmiş görüşündə nazirlər Avropa Komissiyası tərəfindən təklif edilmiş planı rədd ediblər.
Avropa Komissiyasında Çexiyanı təmsil edən komissar Vera Yourova Brüsseldə bildirib ki, Avropa Komissiyasının iclasında miqrasiya böhranı şəraitində miqrantların avtomatik bölüşdürülməsi təklifinin əleyhinə çıxan yalnız o olub. Komissiya həmçinin, Avropa İttifaqını Türkiyə ilə viza rejiminin ləğv etməyə çağırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt