CƏMİYYƏT
Avropa Parlamentinin nümayəndələri ilə Ədliyyə Nazirliyində görüş
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən köklü demokratik dəyişikliklərdən, o cümlədən insan hüquqlarının təmin olunması, hüquq sisteminin inkişafı, mükəmməl qanunvericilik bazasının yaradılması üzrə həyata keçirilən mütərəqqi islahatlardan bəhs edilib. Həmçinin Avropa məkanında məhkəmə fəaliyyətində mövcud problemlərə toxunulub, bu sahədə görülən genişmiqyaslı tədbirlər qeyd olunub. Avropa strukturları ilə səmərəli əməkdaşlıqda məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən şəffaf seçimi üzrə əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verilib.
Azərbaycanda dəfələrlə olduğunu bildirən R.Çarnetski hazırkı səfərin ölkəmiz üçün çox vacib olan referendum ərəfəsinə təsadüf etdiyini vurğulayaraq, bu prosesdə xalqımızın seçiminə hörmətlə yanaşdığını qeyd edib. Səfərdən məmnunluğunu ifadə edən qonaq Azərbaycan ilə müxtəlif sahələrdə daha geniş əməkdaşlıq etmək barədə niyyətini bildirib.
Avropa Parlamentinin nümayəndələri, həmçinin məhkəmə-hüquq sisteminin inkişafı üzrə görülən tədbirləri maraqla qarşılayıb, qanunvericilik və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.