CƏMİYYƏT


Avropa gənclər paytaxtları əlaqələndiricilərinin görüşündə Azərbaycan təmsil olunub

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini Aysun Zeynalova Avropa gənclər paytaxtları əlaqələndiricilərinin Brüsseldə keçirilən görüşündə iştirak edib.

ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi “Avropa Gənclər Paytaxtı 2019” üçün müraciət edən şəhərlərin ərizələrinin nəzərdən keçirilməsi olub.

Avropa Gənclər Forumu tərəfindən keçirilən belə görüşlər “Avropa Gənclər Paytaxtı”nın seçim prosesi çərçivəsində təşkil olunur. Görüşdə indiyədək “Avropa Gənclər Paytaxtı” olmuş şəhərlərin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı “Avropa Gənclər Paytaxtı 2019” üçün müraciət şəhərlərdən Fransanın Amyen, Şimali Kiprin Deri və Strabana, Böyük Britaniyanın Mançester, Serbiyanın Novi Sad, İtaliyanın Peruca şəhərlərinin ərizələrinə baxılıb, rəylər bildirilib. “Avropa Gənclər Paytaxtı 2019” layihəsinin qalibi elan ediləcək şəhərin adı oktyabrda açıqlanacaq.

“Avropa Gənclər Paytaxtı” layihəsi Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən 2009-cu ildə təsis olunub. Hər il təşkilat tərəfindən bir şəhər “Avropa Gənclər Paytaxtı” seçilir və bir il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. 2014-cü ildə Yunanıstanın Soloniki şəhərində keçirilən təntənəli tədbirdə Gəncə 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilib. ARGTMŞ Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar yaradılmış təşkilati komandanın işində yaxından iştirak edib. Qurum Avropa səviyyəsində bu prosesi dəstəkləyib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.