ELM VƏ TƏHSİL
“AzScienceNet” elm-kompüter və “AzEduNet” təhsil şəbəkələrinin inteqrasiyası təmin olunacaq
Bakı, 18 aprel, AZƏRTAC
“AzScienceNet” elm-kompüter şəbəkəsi ilə Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) inteqrasiyası təmin olunacaq.
Şəbəkələr arasında əməkdaşlıq nəticəsində Təhsil Nazirliyinin, ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssislərinə “AzScienceNet”in Wi-Fi, “Eduroam”, “Cloud Computing”, “Hostinq” kimi xidmətlərdən istifadəyə imkan yaranacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən “AzScienceNet” böyük imkanlara malikdir. “AzScienceNet” ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əlaqələr qurub.
Bildirilib ki, “AzEduNet” ölkənin orta ümumtəhsil məktəbləri və peşə məktəblərinin bu şəbəkəyə qoşulmasını və şəbəkənin təqdim etdiyi xidmətlərdən istifadəsini nəzərdə tutur. “AzEduNet”ə qoşulmuş müəssisələr arasında Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Bakı, Sumqayıt, Gəncə, Şəmkir və digər şəhərlərdə yerləşən orta məktəblər və digər təhsil qurumları var.