CƏMİYYƏT


Azərbaycan Dillər Universitetində “Məzun günü” keçirilib

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2015-2016-cı tədris ilində universitetin bakalavriat və magistratura pillələrində təhsillərini bitirən tələbələrin “Məzun günü” keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini xüsusi qeyd edib, universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. D.Yunusov məzunların sorağının respublikanın aparıcı müəssisələrindən, həmçinin xarici ölkələrdən gəldiyini vurğulayıb. Universitetin ildən-ilə yeniliklərə imza atdığını, inkişaf etdiyini söyləyən professor bu yaxınlarda ADU-nun nəzdində Konfutsi İnstitutunun yaradıldığını xatırladıb. O, məzunları təbrik edib, onlara təhsillərini davam etdirməyi tövsiyə edib, uğurlar arzulayıb.

Valideynlər adından çıxış edən Firrədin Mehdiyev, universiteti fərqlənmə diplomu ilə bitirən, pedaqoji (ingilis dili-fransız dili) fakültənin fəxri məzunu Coşqun Dadaşov ADU-nun rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Sonra professor D.Yunusov fərqlənmə diplomlarını məzunlara təqdim edib.

Qeyd olunub ki, 2015-2016-cı il tədris ilində ADU-da ümumilikdə, təhsilin bakalavriat pilləsi üzrə əyani bölmədə 1439, qiyabi bölmədə 66, həmçinin magistratura pilləsi üzrə 141 gənc məzun olub. Universitetin 86 tələbəsi bakalavriat pilləsi üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.