ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Kollecində Dövlət Bayrağı Günü qeyd olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecdə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə bu təhsil müəssisəsinin müəllim və tələbələri, qonaqlar iştirak ediblər.
Kollecdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra kollecin müəllimi Hümeyrə Nadirinin "Azərbaycan bayrağının tarixi" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi geniş qeyd edilir. Üçrəngli bayrağımız dövlət rəmzi kimi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunub.
Daha sonra kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov əlamətdar gün münasibətilə toplaşanları təbrik edib. Qeyd edilib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə müvafiq Sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır.
Tədbir bədii hissə ilə davam edib. Tələbələr bayrağa, vətənə aid şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Kollecin xor kollektivinin çıxışı alqışlarla qarşılanıb.