CƏMİYYƏT


Azərbaycan Dövlət Sərhəd Xidməti ilə Belarus Dövlət Sərhəd Komitəsi arasında Fəaliyyət Planı imzalanıb

Bakı, 10 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Belarus Respublikası Dövlət Sərhəd Komitəsinin sədri, general-mayor Anatoli Lapponun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə tər güllər düzüb.

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Anatoli Lapponun təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Belarusun Dövlət Sərhəd Komitəsinin sədri Fəxri qonaq kitabında ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Belarus arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, sərhəd mühafizəsinin müvafiq sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə, həmçinin inteqrə edilmiş sərhəd idarəçiliyi ilə bağlı beynəlxalq layihələr çərçivəsində birgə fəaliyyətlərin davam etdirilməsi, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə Belarus nümayəndələrinə ətraflı məlumat verib.

Görüşün sonunda Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında 2 illik Fəaliyyət Planı imzalanıb.

Avqustun 11-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri və regionlardakı struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanışlığı, ölkəmizin mədəni-tarixi yerlərini ziyarət etməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.