CƏMİYYƏT
Azərbaycan Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında təmsil olunub VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 3-4-də Hindistanın Nyu-Dehli şəhərində Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin (UNISDR) və Hindistan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransın gündəliyində BMT-yə üzv dövlətlər tərəfindən 2015-ci ildə qəbul olunmuş Sendai Platformasının nəzərdən keçirilməsi, Asiyada fəlakət təhlükəsinin azaldılması üzrə inkişaf proqramlarının müzakirəsi və qarşılıqlı fəaliyyət planının təsdiqi məsələləri olub.
Hindistanın Baş naziri Narendra Modinin açılış nitqindən sonra nazirlərin çıxışları dinlənilib.
Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, BMT və onun müvafiq qurumları çərçivəsində əməkdaşlıq münasibətlərindən bəhs edib. Nazir fəlakətlərin səmərəli idarə olunması üçün beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Sonda tədbirdə müzakirə olunan məsələlərə dair Birgə Bəyannamə və Sendai Platforması çərçivəsində Fəaliyyət Planı qəbul olunub.
Konfrans çərçivəsində, həmçinin bir sıra ölkələrin fövqəladə hallarla mübarizə sahəsində məsul qurumlarının rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.