CƏMİYYƏT
Azərbaycan İstanbulda nazirlərin VI konfransında təmsil olunur
Bakı, 2 noyabr, AZƏRTAC
Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyinin ev sahibliyi ilə İstanbulda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda noyabrın 1-də işə başlayan nazirlərin VI konfransında Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində H.Hüseynova Əfqanıstanın qadın məsələləri üzrə naziri Delbar Nazari və Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ilə görüşərək birgə əməkdaşlıq və gender məsələlərini müzakirə edib.
Görüşdə Türkiyənin ailə və sosial siyasət naziri Azərbaycan Respublikası ilə müvafiq sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, məişət zorakılığı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı Türkiyə təcrübəsini bölüşüb.
Müzakirə zamanı H.Hüseynova hazırda Azərbaycan qadınının cəmiyyətdə yüksək yer tutduğunu qeyd edərək bildirib ki, bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün mərkəzdə və ya ucqarda təhsilli və təcrübəli qadınlara üstünlük verilir. Komitə sədri deyib ki, qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir.
H.Hüseynova məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə və qərar qəbuletmədə təmsilçiliyinin artırılması, eləcə də onların iqtisadiyyat sahəsində fəallığının artırılması ilə bağlı Azərbaycanda aparılan mühüm işləri diqqətə çatdırıb.
Qeyd edək ki, “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin V konfransı 2014-cü ildə Bakıda keçirilib.