MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu ICCA-nın növbəti tədbirində uğurla iştirak edib
Bakı, 24 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) tədbirində iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ilk dəfə təmsil olunduğu ICCA Aralıq Dənizi Bölümü üzrə görüş (Mediterranean Chapter Summit 2015) Maltada baş tutub. Bu beynəlxalq əhəmiyyətli tədbirdə ölkəmiz tərəfindən Azərbaycan Konqreslər Bürosunun direktoru Florian Senqstşmid iştirak edib.
ICCA Aralıq Dənizi Bölümünə daxil olan bütün türk şirkətləri görüşdə iştirak edib ki, bu da iki qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında sıx əməkdaşlığın daha da möhkəmlənməsinə imkan verir.
Aralıq Dənizi Bölümü ICCA üzvlərinin eyni coğrafi ərazidə birgə işləməsi üçün şəraitin yaradılması məqsədilə qurulan ICCA bölümlərindən biridir. Bu bölümə Aralıq dənizi regionu üzrə qeydiyyatdan keçən təşkilatlar aiddir. Azərbaycan həmin bölümə bu yaxınlarda üzv olub.
Aralıq Dənizi Bölümü ICCA-nın ən böyük coğrafı bölümlərindən biridir və ICCA-nın çox sayda nüfuzlu üzvlərini bir araya gətirir.
Bölümün qarşısında duran əsas vəzifə üzvlər arasında daha yaxşı əlaqə və biznes mübadiləsi mühiti yaratmaq, eyni zamanda, regionun görüş və konfranslara ev sahibliyi etmə potensialını gücləndirmək və onun üzvlərinin biliklərini artırmaqdır.