CƏMİYYƏT
Azərbaycan MDB-nin iştirakçı dövlətlərindən olan gənclərin XII Delfi Oyunlarında təmsil edilib
Bakı, 26 aprel, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində MDB iştirakçı dövlətləri gənclərinin XII Delfi Oyunları keçirilib. Delfi Oyunlarında Gənclər və İdman Nazirliyinin xətti ilə 13 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu il keçirilən XII Delfi Oyunlarında iştirak edən azərbaycanlı gənclər 6 nominasiya – fortepiano, təsviri sənət, foto, xalq ifası, estrada ifası və DJ üzrə yarışlarda mübarizə aparıblar.
DJ yarışında azərbaycanlı gənc Fariz Rəcəbov gümüş, foto yarışında Bakı Media Mərkəzinin fotoqrafı Elmar Əzimli və xalq ifası nominasiyasında isə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Sədəf Budaqova bürünc medallara layiq görülüblər. Bundan başqa, təsviri sənət nominasiyası üzrə yarışan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi İlahə Qəribova və estrada ifası üzrə məharətini göstərən Ruslan İqnatenko oyunların xüsusi diplomu ilə təltif olunublar.
Beləliklə, oyunlarda bir gümüş, iki bürünc medal və iki xüsusi diplom qazanan istedadlı gənclərimiz Azərbaycanı beynəlxalq müsabiqədə uğurla təmsil ediblər.
XII delfi oyunlarında iştirakçılar ilə bərabər azərbaycanlı münsiflər də iştirak ediblər. Xalq ifası nominasiyasında Azərbaycan Milli Konservatoriyasının dosenti Yaqut Seyidova, foto nominasiyasında Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, DJ nominasiyasında Azərbaycan DJ-lər Assosiasiyasının sədri Mansur Əhmədov münsiflər heyətinin tərkibində yer alıblar.
Delfi Oyunları Olimpiya Oyunları kimi başlanğıcını qədim yunan mədəniyyətindən götürür. Artıq beynəlxalq yarışlara çevrilmiş müasir Delfi Oyunları müxtəlif incəsənət sahələrindəki müsabiqə və yarışlardan ibarətdir. 2002-ci ildən başlayaraq Delfi Oyunları hər iki ildən bir MDB iştirakçı dövlətlərinin gəncləri arasında keçirilir. İndiyədək Bryansk, Kişineu, Kiyev, Astana, Minsk, Novosibirskdə keçirilən Delfi Oyunlarında istedadlı gənclərimiz müxtəlif nominasiyalar üzrə qızıl, gümüş, bürünc medallara layiq görülüb, xüsusi diplomlarla təltif olunublar.
Oyunların əsas məqsədi MDB iştirakçı dövlətlərinin mədəniyyətlərarası əlaqələrinin genişləndirilməsi, xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, bu dövlətlərin gəncləri arasında istedadlıların üzə çıxarılması, yaradıcı gənclərin dəstəklənməsi və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin gənclərin humanitar və mədəni inkişaf proseslərində fəal iştiraka cəlb olunması, onlar arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsindən ibarətdir.