ELM VƏ TƏHSİL
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimləri Tbilisidə səfərdə olacaqlar
Tbilisi, 5 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti mayın 6-dan 9-dək Gürcüstanda səfərdə olacaq.
Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Dmanisi, Bolnisi, Qardabani rayonlarında, eləcə də Rustavi və Tbilisi şəhərlərindəki bəzi Azərbaycan məktəblərinin müəllimləri, təhsil ocaqlarını bu il bitirəcək şagirdləri və onların valideynləri ilə görüşəcəklər. Görüşlərdə Gürcüstanda yaşayan azərbaycanlıların ali təhsil məktəblərində, eləcə də Azərbaycanın müvafiq universitetlərində təhsil alma məsələləri müzakirə olunacaq.
Bundan başqa, nümayəndə heyətinin Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Gürcüstan paytaxtının tarixi abidələri ilə tanışlığı da nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi