REGİONLAR
Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmlənib, döyüş qabiliyyəti artıb
Tərtər, 26 iyun, AZƏRTAC
Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək güclənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Müharibə veteranlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Qarabağ Regional Bilik Evinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitlərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, ötən ilin aprel ayında cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
“Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkil edir. İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağa böyük qayıdışla başa çatacaq. Azərbaycan bayrağı tezliklə işğal altında olan digər ərazilərimizdə də dalğalanacaq” – deyə M.Məmmədov bildirib.
Digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, işğal altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, Qarabağ Regional Bilik Evi tərəfindən isə stolüstü idman oyunları və kitablar hədiyyə olunub.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.