İQTİSADİYYAT
Azərbaycan Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanın Energetika Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayserinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığını deyən energetika nazirinin müavini Natiq Abbasov iqtisadi əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan dost və müttəfiq ölkə kimi Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır.
Bu ilin martında Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərinin əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xatırladan səfir Xalid Usman Qayser deyib ki, iqtisadi əməkdaşlığın miqyası hazırda ikitərəfli əlaqələrin səviyyəsini ölçmək üçün əsas göstərici hesab olunur. Bu səbəbdən də Azərbaycanla Pakistan arasında “Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının və Energetika Nazirliyi ilə Pakistan Su və Elektrik Enerjisi Nazirliyi və Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.