CƏMİYYƏT
Azərbaycan Prokurorluğunun əməkdaşı Beynəlxalq Antikorrupsiya Akademiyasının mükafatına layiq görülüb
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 1-dən 8-dək Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) 6-cı Yay Akademiyası (IACSA) keçirilib.
Əllidən artıq dövlətin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Vüqar Əhmədli təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Təcrübə elmlə qovuşur” mövzusunda keçirilən tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin professorları, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələrlə çıxış ediblər.
Əvvəlki illərdə olduğu kimi, kurslarda tədbir iştirakçıları işçi qruplarına bölünərək praktiki tapşırıqların həllində fəal iştirak ediblər. Hər qrup tərəfindən mövzu üzrə təqdimatlar keçirilib. Habelə interaktiv şəkildə keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Azərbaycan təmsilçisi builki Yay Akademiyası qrupunun rəhbəri seçilib və müvafiq tapşırıqların həllində xüsusi fəallıq göstərdiyinə görə Akademiyanın mükafatı ilə təltif olunub.
Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.