CƏMİYYƏT
Azərbaycan Prokurorluğunun müasir tələblərə cavab verən dövlət orqanı kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə müsahibəsində deyib.
Baş prokuror bildirib ki, bu gün prokurorluq orqanlarının bütün əməkdaşları, veteranlarımız, bütövlükdə ölkənin hüquq ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 96-cı ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik iradəsinə uyğun olaraq gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının və hərtərəfli dəstəyin təzahürü kimi, hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Prokurorluğunun səmərəli fəaliyyəti üçün zəruri normativ-hüquqi baza yaradıb. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən mühüm dövlət təsisatı kimi təkmilləşdirilməsində dövlətimizin başçısı İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar xüsusi əhəmiyyətə malikdir.
Baş prokuror Zakir Qaralov prokurorluğun digər hüquq mühafizə, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsində əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövründə də kriminogen sabitliyə nail olunmasını və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısının alınmasını müsbət hal kimi qiymətləndirib.
Vurğulanıb ki, bütün beynəlxalq təşkilatlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, prokurorluq orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlər qazandığını və bu istiqamətdə təcrübələrini digər ölkələrlə bölüşdüyünü birmənalı qaydada təsdiq edirlər. Ötən dövrdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 201 şəxs barəsində 139 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilən cinayət işlərindən 27-si özəl sektor, 16-sı ticarət, 14-ü təhsil, 10-u bank, digərləri isə ayrı-ayrı sahələr üzrə korrupsiya hüquqpozmaları ilə bağlı olan işlərdir. Bu gün Baş İdarənin icraatında 125 cinayət işinin istintaqı davam etdirilir.