CƏMİYYƏT
“Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin 15 illiyi qeyd olunub
Bakı, 12 fevral, AZƏRTAC
“Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin yaradılmasının 15 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildirdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilib.
Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində İctimai Birliyin təsis etdiyi “Fədai” medallarının təqdimetmə mərasimində çıxış edən təşkilatın sədri Mehdi Mehdiyev onun yaranma tarixi və keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, təşkilatın 57 minə yaxın üzvü var. İctimai Birliyin əsas missiyası şəhid ailələrinin, Qarabağ müharibəsi əlilləri və veteranlarının hüquqlarını müdafiə etmək, onların həyat şəraitlərinin yaxşlaşmasına kömək göstərməkdir.
Mehdi Mehdiyev deyib ki, ən vacib işlərdən biri də vətənpərvərlik tərbiyəsi işləridir. Bu məsələ təşkilatda prioritet vəzifədir. “Bizim hərbi hissələrdə çoxsaylı görüşlərimiz olur, o cümlədən ön xətdə. Veteranlar bu gün onları əvəz edən əsgərlərlə görüşüb ruhlandırıcı söhbətlər aparırlar. O cümlədən çağırışçılarla görüşüb onlarla söhbətlər aparırıq”, - deyə o əlavə edib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli və hər cür qayğı ilə əhatə olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
Tədbir bədii hissə ilə davam edib.