SİYASƏT
Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub
Astana, 12 dekabr, АZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri. Azərbaycanın müstəqilliyinin 25 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin və Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi konfrans ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinin açılışı ilə başlayıb. Sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən nəşrlər və fotolar nümayiş olunub.
Konfransın rəsmi hissəsində görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunan “Əbədiyyətin yolu” adlı videoçarx nümayiş etdirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda gördüyü əvəzsiz xidmətlərdən danışıb. Diplomat qeyd edib ki, tarixi şəxsiyyətlərdən biri olan dünya şöhrətli siyasətçi Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ciddi islahatlar və quruculuq işləri həyata keçirib. Ümummilli Lider Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi olub.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxışına Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu fikri ilə başlayıb: “Böyük insan bu dünyadan köçüb gedəndə Günəş sanki daha kiçik olur”. O deyib: “Prezident Nursultan Nazarbayev bu fikri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatı ilə əlaqədar söyləmişdi. Azərbaycan günəşsiz, soyuq bir dekabr gününü yaşayırdı. Amma narahatlığa əsas yox idi. Çünki Heydər Əliyev zəkası, müdrikliyi artıq o soyuq günləri gələcəyə daşımayacaq bir məktəb, yeni bir lider formalaşdırmışdı. Bu müdriklik onu xalqın əbədi liderinə, ulu öndərinə çevirdi”.
Türk dünyası Ağsaqqallar Şurasının üzvü Adil Axmedov, Tarix İnstitutunun direktoru Burkit Ayaqan, Milli Avrasiya Universitetinin professoru Bolat Komekov və Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyindən danışıblar. Çıxışlarda Qazaxıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin güclənməsində dahi rəhbərin əvəzedilməz xidmətləri qeyd olunub. Vurğulanıb ki, Heydər Əliyev türk dövlətlərinin inteqrasiyasına xüsusi önəm verirdi. Bu məqsədə xidmət edən “Böyük İpək Yolu” layihəsinin reallaşmasında, TÜRKSOY, Türk Yazarlar Birliyi kimi təşkilatların yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin çox əhəmiyyət verdiyi türkdilli xalqların, dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün dövlət başçıları Nursultan Nazarbayev, İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana