CƏMİYYƏT
Azərbaycan Silahlı Qüvvələri üçün 1440 sürücü hazırlanıb
Bakı, 7 iyul, AZƏRTAC
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-də hesabat müşavirəsi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev cari ilin birinci yarımilinin MMC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, hüquqmüəyyənedici sənədlərin təkmilləşdirilməsi, normal iş mühitinin yaradılması, tədbirlərin təşkili və keçirilməsi baxımından uğurlu olduğunu söyləyib.
Müşavirədə xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığına toxunan Şahvələd Əliyev qeyd edib ki, 2015-ci ilin birinci tədris mərhələsi üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələri və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 1440 sürücü, I və II tədris mərhələsi üzrə 187 aşpaz, 144 rabitəçi və 73 paraşütçü mütəxəssis hazırlanıb. Bundan əlavə, 130 həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 14865 sürücü-mütəxəssis hazırlanıb ki, bu da illik planın 42,9 faizini təşkil edir.
Snayper xüsusi hərbi ixtisası üzrə mütəxəssislərin hazırlığı barədə məlumat verən Cəmiyyətin sədri 2015-ci ilin I tədris mərhələsi üzrə sifarişə uyğun olaraq, Silahlı Qüvvələr üçün müvafiq sayda snayperçinin hazırlandığını diqqətə çatdırıb. Bu ixtisas üzrə hazırlıq keçən çağırışçıların praktiki vərdişlərinə xüsusi önəm verildiyi, bu məqsədlə tədris proqramına uyğun olaraq tədris müddətində müdavimlərlə mütəmadi olaraq interaktiv və atıcılıq tirlərində, o cümlədən poliqonda SVD snayper tüfəngi və AK-74 silahlarından praktiki atışların gerçəkləşdirildiyi bildirilib. Həmçinin təlimlərdə istismar edilməsi məqsədilə əlavə olaraq iki ədəd yeni “Hyundai Accent” markalı minik avtomobilinin alınması barədə məlumat verilib.
Daha sonra məruzələr dinlənilib, qarşıya çıxan problemlərin yaranma səbəbləri, həlli yolları müzakirə edilib, tapşırıq və tövsiyələr verilib.
Müşavirədə Cəmiyyətin filial direktorları, direktor müavinləri və mühasiblər iştirak ediblər.