CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsində 3 yeni müasir laboratoriya yaradılır

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Respublikamızda müalicə-profilaktika, aptek şəbəkələrində fəaliyyət göstərən əczaçı kadrların 98 faizi Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin məzunlarıdır. Fakültə yüksək ixtisaslı, ali təhsilli əczaçı mütəxəssislərin hazırlığı ilə məşğul olur. Sovet İttifaqı dövründə fakültə təkcə Azərbaycan üçün deyil, həm də Türkmənistan, Ermənistan, Özbəkistan kimi ölkələr üçün əczaçılar hazırlayıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra universitetin beynəlxalq əlaqələri genişlənib. İndi fakültədə qonşu İran, Türkiyə və İraq vətəndaşları təhsil alırlar. Müstəqillik illərində 250-dən artıq əcnəbi vətəndaş ATU-nun əczaçılıq fakültəsinin məzunu olub.

AZƏRTAC universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə fakültənin dekanı, professor Tahir Süleymanov məlumat verib. Dekan bildirib ki, əczaçılığın tədrisində laboratoriyalar böyük önəm daşıyır. Əczaçılıq fakültəsinin kafedralarında uzun illər respublikamızın təbii sərvətlərinin tədqiq edilməsi, yeni vasitələrin yaradılması istiqamətində ayrı-ayrı planlar əsasında elmi-tədqiqat işləri aparılıb. Lakin bu işlərin praktikada tətbiqi müasir tələblərə cavab vermədiyi üçün fakültənin bir qrup əməkdaşı qrant layihəsinin alınması istiqamətində işlərə başlayıb və 2014-cü ilin yekunlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsinin qalibi olub. Layihənin əsas məqsədi respublikamızın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün müasir avadanlıqlarla təchiz edilmiş əczaçılıq laboratoriyalarının yaradılmasından ibarətdir.

Onun sözlərinə görə, hələlik fitokimyəvi, əczaçılıq texnologiyası və əczaçılıq kimyası standartlaşdırma laboratoriyaların yaradılması nəzərdə tutulub. Təbii mənbələrdən bioloji fəal maddələrin alınması fitokimyəvi laboratoriyada həyata keçiriləcək. Əczaçılıq texnologiyası laboratoriyasında bioloji fəal maddələr müxtəlif dərman formalarına salınacaq. Müxtəlif dərman formalarına salınmış bioloji fəal maddələrin keyfiyyətinə nəzarət üsulunun yaradılmasını əczaçılıq kimyası standartlaşdırma laboratoriyası həyata keçirəcək. Artıq hər 3 laboratoriya üçün avadanlıqlar alınıb.

T.Süleymanov qeyd edib ki, qrant layihəsinin müddəti iki ildir və 2017-ci ilin fevralında başa çatacaq. Hazırda işlərin 95 faizi yerinə yetirilib. Belə ki, laboratoriyalarda otaqların təmiri, avadanlıqların gətirilməsi və quraşdırılması, avadanlıqlara iş üzrə treninqlərin təşkili kimi işlər görülüb. Artıq bu laboratoriyalardan tələbələr və müəllimlər, eləcə də mütəxəssislər tədqiqat işləri aparmaq üçün rahat şəkildə istifadə edə bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.