MƏDƏNİYYƏT
Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əlaqələri genişlənir
Bakı, 5 noyabr, AZƏRTAC
Moskva şəhərində Turizm və Xidmətyönlü Ali Təhsil Müəssisələri Assosiasiyasının və Rus Coğrafiya Cəmiyyətinin birgə iclası keçirilib.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyasının bir sıra dövlət qurumlarının və assosiasiyaya üzv olan ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bu ali məktəbin keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva da təmsil olunub.
İclasda təşkilatın inkişaf perspektivləri, kadr hazırlığının keyfiyyətinin qiymətləndirilməsində təhsil və əmək sahələrinin qarşılıqlı fəaliyyəti, peşəkar təhsil proqramlarının peşəkar-ictimai akkreditasiyası və digər məsələlər müzakirə olunub, təkliflər səsləndirilib. Toplantıda, həmçinin turizm sahəsində ali təhsillə yanaşı, peşə ixtisasına dair müzakirələrə də geniş yer verilib.
Sonda Rus Coğrafiya Cəmiyyətinin 170 illiyinə həsr olunan “Tələbənin ən yaxşı elmi-tədqiqat işi” və “Pedaqoji ustalıq” müsabiqələrinin qalibləri mükafatlandırılıb.