CƏMİYYƏT
Azərbaycan dünyada sülhün təminatında əsas çıxış yolunu tolerantlıqda, həmrəylikdə görür
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səyavuş Heydərov Azərbaycanın ənənəvi İslam ölkəsi olmaqla yanaşı, həm də dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.
Sədr müavini bildirib ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. Ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şərait yaradılıb, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərilib.
S.Heydərov vurğulayıb ki, bəzi Avropa ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli forma almaqla geosiyasi maraqların ödənilməsi vasitəsinə çevrilməkdədir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. O, bütün bu qarşıdurma və təhdidlərin qarşısının alınmasında Azərbaycanın əsas çıxış yolunu tolerantlıqda, həmrəylikdə gördüyünü bildirib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.