MƏDƏNİYYƏT


Azərbaycan dünyada yeganə ölkədir ki, Şekspirin yaradıcılığı xalçalarda əks olunacaq

A+ A

Bakı, 14 oktyabr, Salehə Əliyeva, AZƏRTAC

Azərbaycan Xalça Muzeyində Şekspirə həsr olunmuş xalça müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, müsabiqə “British Council Azerbaijan” ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi tərəfindən böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyi şərəfinə elan edilib.

Xalça Muzeyinin direktoru Şirin Məlikova “British Council Azerbaijan”ın başçısı Elizabet Uayta təşəkkür edərək bildirib ki, bu, Şekspirə həsr olunmuş birinci xalça müsabiqəsidir. O, iştirakçılara yaradıcılıq potensiallarını üzə çıxarmaq üçün böyük imkanlar yaradıb.

Müsabiqənin “British Council Azerbaijan”ın başçısı Elizabet Uaytın şəxsi təşəbbüsü ilə təşkil edildiyini bildirən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Krofts deyib: “Şekspirin yaradıcılığı indi də aktual və aydındır. Vətəndən uzaqda - Azərbaycanda onun adının hörmətlə anılması, yaradıcılığının yüksək qiymətləndirilməsi bunu bir daha təsdiq edir. Şekspirin sonet və pyesləri dünya dillərinin az qala hamısına, o cümlədən Azərbaycan dilinə tərcümə olunub və şəksiz maraq doğurur. Müsabiqənin nəticələrinə görə, Şekspirə və onun yaradıcılığına həsr olunmuş ən maraqlı dizayn müəyyən ediləcək. Bu müsabiqə Azərbaycanın xalçaçılıqda ifadə olunmuş zəngin mədəni irsi ilə dünya şöhrətli Şekspirin ölməz yaradıcılığını birləşdirib. Azərbaycan yeganə ölkədir ki, Şekspirin yaradıcılığı xalçalarda əks olunacaq, eskizlərin kreativliyi və dizaynı məni məftun etdi”.

E.Uayt müsabiqəyə yekun vuraraq bildirib ki, bir ildir ölkədə böyük ingilis dramaturqunun xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir, o cümlədən tamaşalar səhnələşdirilir, musiqi layihələri, kino nümayişləri, sərgilər, habelə məktəblilər üçün maarifləndirmə proqramları həyata keçirilir.

E.Uayt deyib: “Şekspir Böyük Britaniyanın ən böyük sərvətidir. Onun portretinin təsvir edildiyi xalça müsabiqəsinin özü unikaldır. Bütün bu işlər o dərəcədə maraqlıdır ki, qalibləri çox çətinliklə seçə bildik. Bu xalçalarda Şekspirin əsərlərindən səhnələr təsvir olunmaqla bərabər, Azərbaycanın ənənələri, onun xalçaçılıq sənəti əksini tapıb”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və münsiflər heyətinin digər üzvləri bu işləri ayrı-ayrılıqda nəzərdən keçirərək, yekdil fikrə gəliblər. Ən yaxşı 15 iş və üç qalib seçilib. Qaliblərin rəsmləri əsasında üç xalça toxunacaq.

Münsiflər birinci yeri Telman Şıxıyevə verib. O, Viktoriya və Albert Muzeyinə və Şekspirin “Qlobus” teatrına getmək üçün Londona yola düşmək imkanı qazanıb.

Uşaqlar arasında müsabiqənin qalibi Fidan Kəbirlinskaya olub. Müsabiqənin 15 iştirakçısına sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.