CƏMİYYƏT
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan əhalisinin sayı 2016-cı ilin əvvəlindən 96,4 min nəfər və ya 1,0 faiz artaraq ötən il dekabr ayının 1-i vəziyyətinə 9802,0 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bir kvadratkilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
2016-cı ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146,6 min, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçəmlərdir.
Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib. Qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.