CƏMİYYƏT


Azərbaycan ərazisində vəhşi təbiətin epizootik vəziyyəti sabit olub

Bakı, 10 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) heyvani xəstəliklərin mövcudluğunu araşdırmaq məqsədilə aparılan son monitorinqin nəticələrini açıqlayıb.

AZƏRTAC ETSN-in rəsmi saytına istinadla xəbər verir ki, araşdırma Hirkan, Şahdağ və Ağgöl Milli Parklarında, Binəqədi şosesi yaxınlığında yerləşən təbii su hovuzunun sahili və Keyrəki palçıq vulkanının yaxınlığında, Xəzər dənizində həyata keçirilib.

Hirkan Milli Parkında canavar, tülkü, dovşan, siçan, qaban, oxlu kirpi və quş ekskrementlərindən götürülmüş 19 ədəd bionümunədə bakterioloji müayinələr aparılmış və heç bir infeksion xəstəliyə rast gəlinməyib.

Binəqədi şosesi yaxınlığında yerləşən təbii su hovuzunun sahili və Keyrəki palçıq vulkanının yaxınlığında bir qarğa və siçovul cəsədlərinə rast gəlinib. Keçirilmiş bakterioloji və virusoloji analizlər zamanı bağırsaqda infeksion olmayan xlamidiya və salmonella bakteriyaları aşkarlanıb.

Ağgöl Milli Parkında H1N1 virusun və digər heyvani xəstəliklərin mövcudluğunu araşdırmaq məqsədilə tülkü, dovşan, qaban, canavar, maral və quş ekskrementlərindən 12 bionümunə götürülərək müayinə edilib. Milli parkın ərazisində infeksiyon xəstəliklər aşkarlanmayıb.

Şahdağ Milli parkında quduzluq xəstəliyinin qarşısının alınması üçün aparılan monitorinq zamanı bir çaqqal cəsədinə rast gəlinib. Aparılan analizlər nəticəsində quduzluq virusu aşkar olunmayıb.

Xəzər dənizinin ixtiofaunasının müayinəsi zamanı isə Zirə kəndinin ətraf ərazisindən və kəndə yaxın olan dəniz sahilindən beş balıq və su ilanı cəsədindən patmaterial, bionümunələr götürülərək müayinə edilib. Müayinələr zamanı patogen mikroorqanizmlər aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.