CƏMİYYƏT
Azərbaycanın gənc psixoloqlarının I qurultayı keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
“Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Azərbaycanın gənc psixoloqlarının I qurultayı keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, “Günəşli yatağı”nda başverən qəza ilə əlaqədar vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edən 100-dən çox gənc psixoloqun qatıldığı qurultay zamanı iştirakçılara təşkilat haqqında məlumat verilib. Daha sonra üzvlərin iştirakı ilə “Gənc Psixoloqlar” İctimai Birliyinin idarə heyətinin formalaşdırılması üçün səsvermə keçirilib.
Birlik əsas məqsəd kimi qarşısına ölkənin gənc psixoloqları arasında şəbəkələşmə yaratmaqla cəmiyyətin psixi sağlamlığı istiqamətində vahid fəaliyyəti təmin və təşkil etməyi qoyub.
Qeyd edək ki, Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Gənc Psixoloqlar” İctimai Birliyi həmçinin 2017-ci ildə Azərbaycanda keçiriləcək Avropa Gənc Psixoloqlar Assosiasiyasının (EFPSA) 31-ci illik qurultayının da təşkilatçısıdır.