CƏMİYYƏT
Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər
Bakı, 27 fevral, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 27-də Yeni Azərbaycan Partiyasının Şamaxı, Abşeron, Göyçay, Ucar və Şuşa rayon təşkilatlarının gənclər birliklərinin IV hesabat-seçki konfranslarında səsləndirilib.
Hesabat-seçki konfranslarında çıxış edənlər ölkəmizdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin qazanıldığını xüsusi vurğulayıblar. Bildirilib ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi kursun fəal iştirakçılarıdırlar.
Diqqətə çatdırılıb ki, hər il Yeni Azərbaycan Partiyasının sıralarına daxil olanlar arasında gənclərin sayı artmaqdadır. Bu, onu göstərir ki, ölkə gəncliyi Yeni Azərbaycan Partiyasının timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür və enerjisini respublikamızın inkişafı üçün sərf edir.
Çıxışlarda son illər gənclərlə iş sahəsində dövlət tərəfindən görülən tədbirlərin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyi diqqətə çatdırılıb, bu sahədə mühüm proqramların qəbul olunduğu, eləcə də Prezident İlham Əliyevin yanvarın 26-da imzaladığı Sərəncamla təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əhəmiyyəti xüsusi vurğulanıb.
Hesabat-seçki konfranslarında təşkilatı məsələlərə baxılıb, YAP rayon təşkilatlarının gənclər birliklərinin şuralarının və idarə heyətlərinin yeni tərkibi müəyyənləşib, sədr və müavinlər seçilib. Tədbirlərdə, həmçinin partiya sıralarına yeni qəbul olunmuş gənclərə YAP-ın üzvlük vəsiqələri təqdim edilib. Bununla yanaşı, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.